Ölkənin ən aparıcı sənaye istehsalçılarından biri öz insan resursların idarə olunması sistemini tam avtomatlaşdırdı.
Çoxlu sayda əməkdaşların gündəlik iş fəaliyyətini insan resursları bölməsi tərəfindən idarə etmək olduqca mürəkkəb prosesdir. Xüsusən də əgər əməkdaşlar haqqında məlumatlar və müxtəlif hesabat növlərini onlayn rejimdə əldə etmək kimi tələblər şirkətdə bu sahəni tamamilə avtomatlaşdırma zərurətini yaradır.
Aparılan bazar araşdırması nəticəsində, insan resurslarının (HRM) avtomatlaşdırılması sahəsində uzun müddətli təcrübəsi olan Pronet MMC ilə METAK MMC arasında müqavilə imzalanmışdır.
Layihə çərçivəsində Pronet MMC bu ilin sonuna qədər METAK şirkətində ProHRM həllinin aşağıdakı modullarını tətbiq edəcəkdir:
• Təşkilati struktur və əməkdaşlar məlumat bazası;
• İş vaxtının uçotu modulu;
• Əmək haqqının hesablanması modulu;
• Ziyarətçilərin qeydiyyatı modulu;
• Kadr kargüzarlığı (sənədlərin uçotu və axını) modulu və sair.
Şirkət eyni zamanda tətbiq edəcək proqram modullarını hal-hazırda istifadə olunan Canias ERP sisteminə, turniket keçidlərinə və nəqliyyat vasitələrinə quraşdırılmış GPS sistemlərinə inteqrasiya işlərini də həyata keçirəcəkdir və sonda ProHRM sistemi ilə çalışacaq bütün METAK şirkətinin əməkdaşlarına istifadə qaydaları ilə bağlı təlimlər veriləcəkdir.
Bu layihənin tətbiqi nəticəsində METAK şirkəti insan resurslarının idarə olunması sahəsində müasir avtomatlaşdırılmş sistemə sahib olaraq öz daxili biznes proseslərini daha da sürətli və effektiv qurmaq imkanlarını əldə edəcəkdir. Əməkhaqqıların hesablanması zamanı mürəkkəb və kompleks proseslərə sərf olunan zamanı dəfələrlə qısaldaraq hesablama xətalarını sıfıra endirmiş olacaqdır.
1997-ci ildən fəaliyyət göstərən METAK MMC müxtəlif metallardan döymə məmulatlar, polad boru kəməri elementləri (dirsək və keçidlər), tikinti işkələləri və dirəklər, plastik boru və fitinqlərin istehsalı ilə məşğul olan yerli şirkətdir. Şirkət həmçinin öz məhsullarını Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və MDB-nin digər ölkələrinə də ixrac edir. METAK şirkəti hal-hazırda 850-dən artıq müxtəlif peşə və vəzifələrdə çalışan işçi heyətinə sahibdir.
Pronet şirkəti bundan öncə də uğurla bir sıra dövlət və özəl sektorlarında 300-dən artıq kiçik və iri layihələr keçirmiş, həmçinin insan resurslarının avtomatlaşdırılması sistemini Veysəloğlu Şirkətlər Qrupu, Abşeron Logistika Mərkəzi, AzeriCard, SGS Baku LTD, Hilton Hotel, RabitəBank, “Azərkosmos”, AVİCOM MMC, Centron Mağazalar Şəbəkəsi və bir sıra iri şirkət və təşkilatlarda tətbiq etmişdir.