Pronet MMC növbəti dövlət orqanına da öz tanınmış “Call Center” məhsulunu tətbiq edəcəkdir
Son illər rayon və kənd əhalisinin kənd təsərrüfatı sahəsinə marağı əvvəlki dövrlərə nisbətən daha da artmışdır və bu da öz növbəsində suvarma işlərinə ehtiyacların çoxalmasına səbəb olmuşdur. Xüsusən yay mövsümü ilə əlaqədar olaraq kənd təsərrüfatı ilə məşğul olan əhalinin suvarma sahəsində olan suallarını, təklif və şikayətlərini operativ şəkildə cavablandırmaq məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti qaynar xəttinin təşkil edilməsinə qərar vermişdir.
Öz qaynar xəttinin yaradılmasında ölkədə dövlət orqanlarında ən çox bu kimi xidmətləri həyata keçirən Pronet şirkətinin üzərində seçimini etmişdir.
Bu layihə çərçivəsində ölkəmizin istənilən nöqtəsində “8770” saylı qaynar xətti nömrəsinə kənd təsərrüfatı sahəsində çalışan vətəndaşlar günün istənilən vaxtında zəng edərək suvarma sahəsində olan bütün sual, təklif və şikayətlərini deyə biləcəklər.
Daxil olan müraciətlər operatorlar tərəfindən dərhal cavablandırılaraq aidiyyatı bölmələrə icraya göndəriləcəkdir. Bu xidmətin təşkili ilə yerlərdə su təsərrüfatı sahəsində olan problemlər mərkəzə anında çatdırılmaqla əhalinin bu istiqamətdə olan ehtiyacları vaxtında aradan qalxmış olacaqdır. Bu da öz növbəsində kənd təsərrüfatı sektoruna böyük töhfələr vermiş olacaqdır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti haqqında. 2006-cı il 23 fevral tarixdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 372 nömrəli Fərmanı ilə yaradılmışdır. Meliorasiya və Su Təsərrüfatı ASC’nin əsas məqsədi meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir.
Pronet şirkəti bundan öncə də uğurla dövlət orqanlarında bir sıra qaynar xətt, telefon məlumat mərkəzi və call center layihələri həyata keçirmişdir. Onların sırasına daxildir: Ekologiya Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Resbuplika Müalicəvi Diaqnostika Mərkəzi, Ədliyyə Nazirliyi və sair.