PROSPECT ERP BAŞ DÖVLƏT YOL POLISI İDARƏSI ILƏ ƏMƏKDAŞLIĞA BAŞLAYIB
Baş Dövlət Yol Polisi İdarəsində Prospect ERP şirkətinin 902 Qaynar xəttinin yenidən qurulması məqsədilə İntellektual Telefoniya Sistemi tətbiq olunub.
Prospect ERP mütəxəssisləri Telefoniya Sisteminə keçidin qısa müddət ərzində reallaşması və bu prosesin icrası zamanı heç bir zəngin itirilməməsi üçün maksimum qısa müddət ərzində yeni proqram təminatını tətbiq ediblər.
Sistemə əsasən vətəndaşların hər bir müraciəti üzrə dərhal və qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi ilə yanaşı, yol hərəkətinin təşkili, avtonəqliyyat vasitələrinin axtarışı, hərəkət təhlükəsizliyinin təbliği, avtomotonəqliyyat vasitələri və sürücülərin hazırlanması istiqamətində bütün əməliyyatlarla bağlı zənglərin qəbulu Prospect ERP şirkətinin tətbiq etdiyi İntellektual Telefoniya Sistemi vasitəsilə tamamilə avtomatlaşdırılıb.
902 “Qaynar Xətt”-i üçün beynəlxalq standartlara uyğun zənglərin emal edilməsi, müxtəlif mənbələrdən gələn müraciətlərin proqramda əks etdirilərək təsnifatlaşdırılması, daxil olan müraciətlərin vizual hesabatlarının yaradılması və bu hesabatların sinxron şəkildə izlənməsi üstünlükləri də proqramda nəzərə alınıb. Yeni sistemə əsasən nəzarətə götürülən zənglərin aktuallığına xüsusilə diqqət ayrılaraq, hər bir zəngin ayrıca nəzarətə götürülməsindən nəzarətdə olan müraciətin son nəticəsi ilə bağlı məlumatların online şəkildə qeyd edilməsi də proqramlaşdırılıb.
Qeyd edək ki, Prospect ERP-nin tətbiq etdiyi İntellektual Telefoniya Sistemi web platforma olduğu üçün, artıq qurumun səlahiyyətli şəxsləri öz şəxsi hesabları ilə sistemə daxil olub, aktual iş prosesini də daim izləyə biləcəklər.
Prospect ERP artıq 15 ildir ki, dövlət və hakimiyyət orqanlarına Sənəd Dövriyyəsi, İnsan Resursları, Layihələr və s. sahələrdə idarəetmənin kompleks avtomatlaşdırılması ilə yanaşı Call Center həllərini də tətbiq etmişdir. Şirkət nazirlik, səfirlik, dövlət komitəsi və digər qurumların fəaliyyətində vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədi ilə təqdim etdiyi həllərlə böyük rəğbət və etibar qazanmışdır.
902 “Qaynar Xətt”-ində də olduğu kimi Prospect ERP həlləri operativlik, şəffaflıq, etik davranış, nəzakətlilik və məsuliyyət prinsipləri əsasında yüksək standartlar çərçivəsində qurulur və inkişaf etdirilir.