Sumqayıt Tibb Kolleci avtomatlaşdırılmış imtahan sisteminə keçdi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən və Sumqayıt şəhərində yerləşən “Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci” tələbələrin imtahan prosesini tam avtomatlaşdırıb.
Bir neçə müddətdir bu sahədə ölkənin ən böyük proqram təminatçısı şirkətərindən biri olan Pronet MMC ilə danışıqlar aparan kollec, artıq 2019-cu il yay semestr imtahanlarını sözügedən şirkətə məxsus ProASK - İntellektual İmtahan və Attestasiya sisteminin öhdəsinə buraxıb.
Kollecin direktoru, Tibb elmləri doktoru, Respublikanın Əməkdar həkimi Rəfayıl Eyvazovun sözlərinə görə, elektron sistemə keçid kollecin bir neçə vaxtdır qarşısında qoyduğu hədəflərdən biri idi. Daha şəffaf və faydalılıq əmsalı yüksək olan bir imtahan prosesinin təşkil olunması, tələbələrin biliklərinin operativ və kompleks şəkildə ölçülməsi də belə bir sistemə keçid üçün əsas amillərdən idi.
Direktorun sözlərinə görə, bu il həmçinin kollec özünün 50 illik yubileyini də qeyd edir. Belə bir yeniliyin isə məhz bu ilə təsadüf etməsi də xoşagələn hallar sırasındadır. Rəfayıl Eyvazov fikirlərində onu da vurğuladı ki, avtomatlaşmış sistemə keçid elə də asan olmayıb. Çünki bu sahədə işləri həvalə edəcək və yazılacaq proqram təminatının tamamilə milli olmasını təmin edəcək şirkətin seçilməsi çox önəmli bir məsələ idi. Bir neçə müddət davam edən danışıqlar prosesindən sonra isə bu istiqamətdə bütün istəklərin gerçəkləşdirilməsi və layihənin reallaşdırılması üçün həvalə olunan şirkət Pronet MMC oldu.
Şirkət nümayəndəsi və İmtahan və Attestasiya Sisteminin layihə rəhbəri Zaur İsayev də bu əməkdaşlıq barədə öz fikirlərini bildirib.
Onun sözlərinə görə, Tibb Kollecində qısa zaman ərzində belə bir yenilikləri tətbiq etmək üçün lazım olan zaman müddəti çox az idi.
“Lakin biz də öz növbəmizdə kollecin etibarını tam doğrultmaq və ölkədəki fəaliyyətimizin 16-cı ilində bütün təcrübəmizi nümayiş etdirmək üçün deyilən vaxt ərzində sistemi tamamilə təhvil verdik və ilk imtahanlardan etibarən semestr boyu təşkil olunacaq bütün imtahanlar tam avtomatlaşdırıldı”.
Elektron İmtahan sisteminə keçid sayəsində kollecdə bugünəcən imtahanların təşkil olunmasında istifadə olunan
- Məlumat sorğu kitabçaları
- Fənnlər
- Şöbələr
- Mövzular
- Qrup
- Semestr
- İmtahan sualları
- İmtahan kriteriyaları (test kitabçası)
- İmtahan iştirakçıları (tələbələr)
- İmtahan təyini (başlama vaxtı, iştirakçılar, kitabça)
- İmtahanın monitorinqi
və s. kimi önəmli nüanslar da proqram təminatının interfeysinə köçürülüb.
Onu da qeyd edək ki, ProASK - İmtahan və Attestasiya Sistemini Sumqayıt Tibb Kollecindən əlavə Bakıda yerləşən 2 saylı Bakı Baza Tibb Kolleci də istifadə edir. Bundan əlavə, Naxçıvan MR Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Azərbaycan Risk Peşəkarları Assosiasiyası, Centron Mağazalar Şəbəkəsi, UniBank ASC və s. kimi önəmli qurumlar da bu siyahıya aiddir
Sistemin tətbiqçisi Pronet MMC şirkəti 16 ildir ki, ölkənin ERP Proqram Təminatı bazarına liderlik edir. Sözügedən proqram təminatından başqa şirkət, Məktəb və Təhsil Müəssisələrinin Elektron İdarəedilməsi Sistemi olan ProSCHOOL sistemini də artıq uzun illərdir ki, ölkədəki təhsil ocaqlarının istifadəsinə verib.